Bu vərdişlər tənəffüs yolları infeksiyalarını ağırlaşdırır- RİSKLƏR, FƏSADLAR

Bu vərdişlər tənəffüs yolları infeksiyalarını ağırlaşdırır- RİSKLƏR, FƏSADLAR

Vərdişlərimizin bir qismi sağlamlığımız üçün zərərlidir. Bunlardan tütünçəkmə, elektron siqaret və qəlyançəkmə tənəffüs yolları üçün xüsusi təhlükəli əhəmiyyət kəsb edir. Burada bu vərdişləri ümumi olaraq tütünçəkmə adlandırmaqla, onların xüsusi epidemioloji vəziyyətdə orqanizmə təsiri barədə kiçik fikir formalaşdırmağa çalışacağıq.

Belə ki, tütünçəkənlərin tənəffüs yollarına periodik olaraq yüksək hərarət, tüstü şəklində təzahür edən tütün və ya yağ əsaslı mayelərin yanma məhsulları (tar, qətran, propilenqlikol, akrolein və s.) daxil olur. Bu məhsullardan tar və qətranın tənəffüs yollarına uzunmüddətli təsiri nəticəsində əmələ gələ biləcək xəstəliklər-rinit, faringit, laringit, bronxit, xroniki ağciyər xəstəliyi, yuxarı və aşağı tənəffüs yollarının bəd və xoşxassəli yenitörəmələri və s. aid edilə bilər. Yağ əsaslı  elektron siqaretlərdə ~3000C isinmə nəticəsində meydana gələn buxarda nikotinlə (və ya onsuz) bərabər akrolein və propilenqlikol mövcuddur. Bu maddələrin bir çox məhsullarda (həmçinin qida məhsullarında) mövcudluğu onların təhlükəsiz kimi təqdim olunmasına əsas versə də, uzun müddətdə inqalyasiya şəklindəki istifadəsi tam araşdırılmamışdır.

Çox yüksək risk daşıyan qəlyançəkmə vərdişi son zamanlar Azərbaycanda geniş yayılmışdır. Qəlyanın içinə doldurulan maddə (qəlyan tütünü) ümumiyyətlə, tütün istehsalı zamanı tullantı olaraq qəbul edilən qalıqlardır və kimyavi strukturu çox vaxt sona qədər bəlli olmayan tərkibdədir. Dövlət strukturları tərəfindən aparılan vaxtaşırı tədbirlər nəticəsində dəfələrlə qanundankənar, standartlara cavab verməyən və tərkibində ümumiyyətlə, tütün olmayan, lakin qəlyanın doldurulması üçün istehsal edilən maddə istehsalçıları aşkarlanıb. Bu kimi məhsulların istifadəsi zamanı orqanizmə vurulacaq zərərin dəyərləndirilməsi çox çətindir. Əminliklə bunu qeyd etmək olar ki, eynilə siqaretdə olduğu kimi nikotin, tar və qətranın təsiri mütləqdir.

Tənəffüs yollarının virus infeksiyaları, tənəffüs sistemi orqanlarını örtən epitelə zədələyici təsir göstərməklə xəstəliyə səbəb olurlar. Nəticə etibarilə yuxarıda qeyd olunan zərərli vərdiş sahiblərində bu zədələnmə daha ağır kliniki əlamətlər və fəsadlarla təzahür edir. Ayrıca, tütün çəkən insanlarda toxumaların yerli immun cavabı zəifləyir ki, bu da infeksiyalar üçün münbit şərait yaradır. Tənəffüs yollarının nəmliyini təmin edən seliyin miqdarı tütünçəkənlərdə mühim dərəcədə azalmış olur ki, bu faktor da öz növbəsində infeksiyalardan qorunma mexanizmini pozur. Azalmış selik qatılaşır və bronxlarda, ağçiyərdə yığılmaqla çox rahat infeksiyalaşa bilir ki, bu da öz növbəsində bronxit, pnevmoniya, ağciyər empiyeması, nadir hallarda pnevmotoraks kimi fəsadlara yol açır.

Azalmış ağciyər həcmi (tütünçəkənlərdə bu qaçınılmaz haldır) orqanizmi tələbata uyğun oksigenlə təmin edə bilmədiyi üçün infeksiyalara yoluxduqda sağalma ehtimalı azalır, fəsad ehtimalı yüksəlir və bərpa müddəti uzanmış olur. Uzun müddət tütünçəkən pasiyentlərdə sözsüz ki, bu tendensiya daha qabarıqdır. Buna əlavə olaraq kardioloji xəstəliklər, autoimmun patologiyalar və qeyridüzgün həyat tərzi durumu daha da ağırlaşdırır və ölümcül fəsadlar meydana gəlir.

Xülasə olaraq, tütünçəkənlərdə tənəffüs yolları infeksiyaları daha ağır gedişata malikdir və bu kimi zərərli vərdişdən uzaq durmağımız müəyyən hallarda həyatımızı xilas edəcək amil rolu oynaya bilər.   

 Elnur Əkbərov-Qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim

Xüsusi olaraq e-tibb.az üçün

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.