Odsuz tüstü: Elektron siqaretlər dəb aksesuarı, yoxsa təhlükə mənbəyi? - ARAŞDIRMA

Odsuz tüstü: Elektron siqaretlər dəb aksesuarı, yoxsa təhlükə mənbəyi? - ARAŞDIRMA

Məşhur deyimə görə tüstüsüz od olar, odsuz tüstü yox. Son 15 ildə əldə edilən texnoloji sıçrayış bunun əksini sübüt etdi. Söhbət elektron siqaretlərdən (e-siqaret) gedir. 

"Report"un araşdırmasına əsasən, ənənəvi siqaretlərə elektron əsaslı alternativin yaradılması üzərində işlər hələ ötən əsrin əvvəllərində start götürüb. E-siqaretlər üçün ilk patent 1930-cu ildə ABŞ-da alınıb. Lakin bu cür texnologiyanın o zaman bir dəfə də olsun tətbiq edildiyini və ya hər hansı prototipin hazırladığını təsdiq edən faktlara rast gəlinmir. E-siqaretin ilk fiziki başlanğıcının əsası 1965-ci ildə ABŞ-da Herbert A.Hilbert tərəfindən qoyulub. Onun icadı müasir elektron siqaretlərə bənzəyirdi, lakin zamanını xeyli qablayırdı və o zamankı texnoloji imkanlar xaricinə çıxırdı.

1990-2000-ci illərdə elektron siqaretin yaradılması istiqamətində çoxsaylı tədqiqatlar və sınaqlar aparılsa da, nəticəsiz idi. Avanadlıq və texnologiyalar hələ də lazımi nəticənin əldə olunmasına imkan vermirdi. Bütün bunlara baxmayaraq, tədqiqatların gedişatında müəyyən irəliləyişlər əldə edildi. Buna elektron siqaretlərdə istifadə olunan “heat-not-burn” (qızdırmaq, lakin yandırmamaq) kimi yeni anlayış və texnologiyanın icadı aiddir.

Nəhayət, 73 il sonra, yəni 2003-cü ildə bazara ilk işlək model buraxıldı. Bu, Çinin paytaxtı Pekində baş verdi. Cihazın müəllifi 52 yaşlı əczaçı, ixtiraçı Xon Lik oldu. Elektron siqaretin yaradılmasına ixtiraçını siqaret aludəçisi olan atasının ağciyər xərçəngindən vəfat etməsi sövq edir. Lik öz məhsuluna “Ruyan” (tüstüyə bənzər) adını verir.

Elektron siqaretin kəşfinin ilkin konsepsiyası siqaret çəkənə alternativ vasitə vermək və nikotin asıllığından azad etmək idi. Bəyan edilən mərama nə dərcədə nail olunduğundan asılı olmayaraq bazara elektron siqaretlərin ilk partiyasını buraxan şirkət cihazı məhz nikotin asılılığından azad edən vasitə kimi təqdim edirdi. Bu günə kimi də bu mənada heçnə dəyişməyib. E-siqaretləri istehsal edən və satan şirkətlər məhsulun ziyansız olduğunu vurğulayırlar. Bütün bunlar da nəticə etibari ilə bu cihazların satışlarına və populyarlaşmasına birbaşa təsir edir.

Elektron siqaret bazarı 2011-2017-ci illər:

Mənbə: tobaccocontrol

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ən yeni məlumatına əsasən, son 19 ildə siqaret çəkənlərin sayında azalma müşahidə edilir. Belə şəxslərin sayı 2000-ci ildəki 1,14 milyard nəfərdən 1,1 milyard nəfərə düşüb. Lakin elektron siqaret istifadəçilərinə münasibətdə tam fərqli tendensiya müşayiət edilir. Belə ki, “Euromonitor” analitik şirkətinin məlumatına əsasən, 2011-ci ildə elektron siqaret çəkənlərin sayı 7 milyon nəfər olduğu halda, cəmi 7 il ərzində bu rəqəm 6 dəfəyə kimi artaraq 41 milyon nəfər təşkil edib. Şirkətin dəyərləndirməsinə əsasən, 2021-ci ildə bu rəqəm 55 milyona çatacaq. Elektron siqaretlərin qlobal bazarının dəyəri isə son beş ildə 6,9 milyard dollardan 19,3 milyard dollara kimi artıb və 2023-cü ilə 26,84 milyard dollara çatacağı gözlənilir. Bazarın perspektivlərini və insanların sağlam həyat tərzinə can atmasını görən tütün şirkətləri buraya yönəlirlər və elektron siqaretlərin yeridilməsinə külli miqdarda investisiyalar edirlər. Buna örnək e-siqaretlərin ən böyük istehlakçısı olan ABŞ bazarının 75%-nə sahib olan “Juul Labs” şirkətinin 35% səhmlərinin “Marlboro”nun istehsalçısı və “Philip Morris”in sahibi olan “Altria Group” tərəfindən 12,8 milyard dollara alınmasıdır.

Qısa zaman kəsiyində bu qədər populyarlıq qazanan bu cihazın tərkibi nədir və insan orqanizmi üçün nə kimi təhlükələrin daşıyıcısıdır?

Elektron siqaretlərin əsas komponenti ayrıca alınan və müxtəlif dad əlavələri (mentol, vanil, kofe, şokolad və s.) olan mayedir. O, propilenqlikol, qliserol, aramotozator və nikotin əsaslı və ya onsuz olur. Birinci komponent elektron siqaretlərdə əlaqələndirici zümrə rolunu oynayır. Qliserol buxarın keyfiyyətinə təsir edərək onu daha sıx, zəngin edir. Aramotozator təbii və süni yollarla alınan qarışıqdır və mayeyə dad verir. Hesab edilir ki, e-siqaretlərin tərkibində ziyanlı qəbul edilən yeganə maddə nikotindir. Onun e-siqaretlərdə olması tütündən imtina edən insanın nikotin çatışmazlığı ilə bağlı fiziki əziyyət çəkməsini önləyir. Nikotinin varlığı həm də trotxit (boğaza zərbə) effekti üçün lazımdır. Bu effekt özünü yuxarı nəfəs yollarında yerləşən sinir uclarının qıcıqlanmasında göstərir ki, bunun hesabına insan e-siqaret çəkməkdən ləzzət alır.

Mütəxəssislərə görə, adi və elektron siqaretlər arasında kifayət qədər böyük fərqlər mövcuddur. Məsələn, sonuncuda benzol, ammiak, sianid, konseroqenlər (adi siqaretlərdə sayı 60-dan çoxdur) yoxdur. Elektron siqaretlərdən dişlər və barmaqlar saralmır və ətrafdan tütün qoxusu gəlmir. 

Qeyd edilir ki, elektron cihazın istifadəsi, ilk növbədə, psixoloji faktora dayanır. Elektron siqaret istehsalçıları “veypinq” (buxar vermə) ifadəsini geniş kütlə arasına yeritməklə sanki söhbətin siqaret çəkməkdən getmədiyi hissini yaradıb. Bununla da vərdişin xəyali ziyansızlığını dərk edərək insanlar bir çox hallarda ondan adi papirosa nisbətən daha çox istifadə etməyə başlayır. Orqanizmin, demək olar ki, fasiləsiz olaraq nikotin və daşıyıcının tərkibinə daxil olan digər maddələrlə təmin olunması ona ciddi ziyan vurur. Nəticədə qan dövranı, sinir sistemi, damarlar, böyrək, qara ciyər əziyyət çəkir. İnsan orqanizminin elektron siqaretə reaksiyası adi siqaretə olduğu kimidir və ondan istifadə zamanı nəfəsə oksidativ stress və xərçəng yaradan birləşmələr gedir. Həmin birləşmələr adi siqaretlərdə olandan az olsa da, xəstəliyi yaratmağa yetərlidir. Heyvanlar üzərində aparılan tədqiqatlara görə, hamiləlik vaxtı elektron siqaret çəkmənin dölə təsiri adi siqaretlərdən fərqli deyil. Elektron siqaretlərin buxarında dəmir, gümüş, nikel, alüminium, mis, qurğuşun və xrom kimi müxtəlif metalların hissəcikləri aşkar edilib. Tədqiqtalara əsasən, elektron siqaretlərdəki nikotinin həcmi bəyan edildiyindən artıq olur.

Digər mühüm məsələ elektron siqaretlərin ÜST tərəfindən sertifikatlaşdırılmamasıdır. Belə ki, nə kartriclər, nə də siqaretlərin icbari sertifikatlaşdırmadan keçirilməməsi, saxta və insan orqanizmi üçün ziyanlı cihazların istehsalına geniş imkanlar yaradılır. Bu cihazlar daha çox təhlükəsizlik normalarının pozulması ilə Çin fabriklərində istehsal edilir. Bunun nəticəsi olaraq istismar zamanı bu cür cihazların partlaması və insanalara ağır bədən xəsarətləri yetirməsi halları intensivləşib. 2015-2017-ci illər arasında ABŞ-da elektron siqaretlərin partlaması ilə bağlı təxirəsalınmaz yardımın çağırılması üzrə 2035 hall qeydə alınıb. Partlamaların bir çoxu siqaretdən istifadə anında baş verib və iki halda bu, ölümlə nəticələnib. Ötən həftə ABŞ-ın Nyu-York ştatının dad əlavəli elektron siqaretləri qadağan edəcəyi məlum oldu. Bir neçə aydan sonra isə ABŞ hakimiyyəti tənzimləyicinin hər bir məhsulun ayrılıqda təsdiqinə qədər aromatizator məhlullu elektron siqaretlərin satışını qadağan edəcək. Bundan əvvəl ABŞ-da Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (CDC) elektron siqaret həvəskarları arasında ağciyər və respirator xəstəliklərin çoxalmasını qeydə alıb. Bütövlükdə 450 hal təhqiq edilib və ölümlə nəticələn 5 fakt öz təsdiqini tapıb. Xəstəliklərin mümkün səbəbi kimi isə E vitaminli yağ görülür.

Hindistan höküməti daha da irəli gedərək bütün növ elektron siqaretlərin idxalını, satışını, reklamını və istehsalını qadağan edib. Buna səbəb kimi isə veypinqin gənclər arasında sürətlə populyarlıq qazanması və tənəffüs yolları xəstəliklərinə gətirməsidir. 

Məsələni "Report"a şərh edən otorinolorinqoloq Elnur Əkbərova görə, araşdırmalar elektron siqaretlərin heç də təbliğ edildiyi qədər təhlükəsiz olmadığını göstərir:

"Əvvəla ondan başlayaq ki, elektron siqaretlər tütün məmulatı hesab edilmir, çünki tərkibi yalnız nikotin əsaslıdır və tütün yoxdur. Buna baxmayaraq, Ümümdünya Səhiyyə Təşkilatı (ÜTS) hesab edir ki, elektron siqaretlər ictimai sağlamlığın qorunması baxımından ciddi əndişə doğurur. ÜTS əksər halda bu cihazların marketinqinin sağlamlıq üçün ziyanın olmadığına dair yanlış bəyanatlarla, siqaret çəkməyi tərgitməyin effektiv vasitəsi olmasına dair bəyanatlarla müşayiət olunması və hədəf auditoriya kimi gənclərin seçilməsi (əlaxsüs aromatik əlavəldən istifadə olunmaqla) ilə əlaqədar ciddi narahatlığını ifadə edir. Nikotin tərkibli preparatların istənilən formada, o cümlədən elektron siqaretlərdə gənclər və hamilə qadınlar tərəfindən istifadəsi təhlükəsiz deyil. Təşkilat qeyd edir ki, e-siqaret istifadəçilərinin nəfəsinə gedən aerozolun tərkibində onkoloji, ürək və ağciyər xəstəlikərinin inkişafı riskini artıran toksik maddələr var. Çəkmə prosesində istifadəçinin nəfəsindən çıxan aerozol isə siqaret çəkməyən və ətrafda olan insanları nikotin və bəzi toksik maddələrin təsirinə məruz qoyur.

Otorinolorinqoloq Elnur Əkbərov

"Orqanizmə daxil olan hər hansı bir maddə qan dövranına sovrulduqdan sonra bütün orqanlarda aşkarlanır". 

"Elektron siqaretlərdə istifadə olunan maye yağ əsaslıdır. Bunun tərkibində nikotinlə yanaşı, propilenqlikol, qliserol kimi aktiv maddələr var. Qliserol və propilinqlikol, öz növbəsində, ağır kimyəvi bir düstura malikdir: təbiətdə neftin tərkibində aşkarlanır. Propilenqlikol və qliserol kimyəvi üsullarla neftdən ayrılır, sənayedə istifadə edilir, elektron siqaretə daxil olması da bir sıra təhlükəyə yol açır. Ayrı-ayrılıqda hər iki maddə ağır kanserogen nəticə verə biləcək maddələrdir. Bunların nəfəs yollarına daxil olması, yerli toxumalara təsiri və qana sovrularaq qanda dolaşması daxili orqanlarda yüksək konsentrasiyasına səbəb olur. Orqanizmə daxil olan hər hansı bir maddə qan dövranına sovrulduqdan sonra bütün orqanlarda aşkarlanır. Elektron siqaret çəkmədə bu ağciyərlərdə baş verir. Araşdırmalara görə, elektron siqaret heç də təbliğ edildiyi qədər təhlükəsiz deyil. Elektron siqaretin çəkilməsi də gəncləşib, bəzi xarici ölkələrdə məktəb yaşlı uşaqlar arasında istifadəsinə rast gəlinir. Belə ki, Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin statistikasına (CDC) əsasən ötən ilin sentyabrında ABŞ-dakı məktəblilərin 20%-i və ya 3 milyon nəfər elektron siqaret istifadəçisi olub", - ekspert vurğulayıb.

Azərbaycanda 2018-ci ildə ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, 15 və yuxarı yaşda olan əhalinin 31,9 faizi siqaret çəkir. Elektron siqaret ölkəmiz üçün kifayət qədər yeni anlayışdır və mövcud tələb 100% idxal hesabına ödənilir. Ölkəmizdə geniş auditoriyalı elan saytlarından birində dərc edilən məlumatların ilkin təhlili göstərir ki, markasından və xüsusiyyətlərindən aslı olaraq istehlakçılara təklif edilən elektron qəlyan (vape) və siqaretlərin qiyməti 10-290 manat civarında dəyişir. Bu cihazlarda istifadə olunan nikotin tərkibli mayenin 10 ml-nin qiyməti isə 5 manatdan başlayır.

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.