“Yayda burunda əməliyyat keçirmək olarmı?”– HƏKİM RƏYİ

“Yayda burunda əməliyyat keçirmək olarmı?”– HƏKİM RƏYİ

"Yayda burunda əməliyyat, yəni rinoplastika keçirmək olmaz” fikri cəmiyyətdə qəbul olunmuş fikirlərdəndir. Xüsusilə xanımlar arasında populyar olan rinoplastika "yayda əməliyyat rahat keçmir, isti hava xəstənin özünə tez gəlməsi və yaranın tez sağalmasını əngəlləyir” kimi düşüncə səbəbindən ilin digər fəsillərinə keçirilir. İnsanlar yayda üz nahiyəsində keçirilən bir çox əməliyyatın əks-göstərişinin olduğu qənaətindədirlər. Hətta bəzi həkimlər də yay aylarında rinoplastikanın icrasının çətinlik törədəcəyini bildirirlər.

Anews.az olaraq məsələ ilə bağlı rinoplastika əməliyyatı keçirmiş insanların fikirlərin ilə maraqlandıq.

Qrafik-dizaynçı Günel İsmayılova yayda qanaxmanın çox olduğunu eşitdiyi üçün əməliyyatı marta keçirdiyini bildirib.

Jurnalist Günay Nəbiyevanın fikrincə, isti havada ağrılara dözmək daha çətindir: "Dekabrda əməliyyat olunmuşam. İstidə o ağrılara dözmək mümkün deyil. Qışda üzümüzə şərf bağlayıb gəzə bilirik. Yayda isə gündən qorunmaq daha çətindir”.

Hüquqşünas Əsmər Əbdülhəsənova tələbəlik dövründə yay tətili zamanı əməliyyat olunub. O, 3-cü kursa yeni görünüşü ilə başlamaq istədiyi üçün bu addımı atdığını vurğulayıb.

"Burun əməliyyatı üçün ən ideal vaxt payız aylarıdır. 2014-cü ilin avqustunda əməliyyat keçirmişəm. İlk 3 gün ağrılarım çox oldu. Ümumilikdə çox rahat keçdi, istilərlə bir problem yaşamadım”, - deyə filoloq Fəridə Abbasova qeyd edib.

Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Fatimə Ağayeva yay aylarında qanaxmanın çox olduğunu dilə gətirib: "Evdən çölə çıxmaq olmur, isti olur. Tez-tez ağız, boğaz quruyur, burundan nəfəs almaq çətinləşir. Ağızdan nəfəs alırsan deyə narahatlıq baş verir”.

Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman həkim Elnur Əkbərov Anews.az-a bildirib ki, ətraf mühitin temperaturundan, iqlim şəraitindən, kilimatik durumdan asılı olmadan qulaq-burun-boğaz orqanlarında icra olunan əməliyyatlar hər hansı bir məhdudiyyətlə rastlaşmır:

"Pasiyentin orqanizminin temperaturu norma çərçivəsindədirsə, hər hansı bir kəskin xəstəliyi yoxdursa, planlı əməliyyatların həyata keçirilməsinə deməli heç bir əks göstəriş yoxdur. Yayda baş verən qanaxmalar məhz günvurma və istivurma nəticəsində baş verir. Biz gündən və istidən özümüzü qorumaq məcburiyyətindəyik. Bu, normal bir prosedurdur. Əgər gündəlik fəaliyyətimiz açıq günəş altında, isti məkanda deyilsə, əməliyyatdan sonrakı erkən dövrdə hər hansı bir problemimiz olmaz. Əks təqdirdə əməliyyat olunmuş pasiyent belə bir ətraf mühitin xoşagəlməz təsiri ilə üzləşirsə, iş fəaliyyətindən bir müddət aralı olmalıdır. Adətən bu müddət 10-15 günə kimi davam edir”.

Həkim yayda qan dövranının daha güclü olduğunu və bunun ağrıların azalmasına gətirib çıxardığını vurğulayıb:

"Yay fəslində icra olunmuş əməliyyatdan sonra olan ağrılarla, qış fəslində olan ağrılar arasında anlamlı bir korrelyasiya yoxdur. Belə ki, yayda qan dövranı daha güclü olur və tam əksinə bu, ağrıların azalmasına səbəb olur. Bunun əksi olaraq qışda əməliyyat keçirmiş bir orqanizmdə üşütmə, donma baş verirsə, bu halda qan dövranı kəskin şəkildə pozulur və yaraların, toxumaların sağalma müddəti uzanır. Yayda icra olunan əməliyyatın xüsusi bir üstünlüyü yoxdur. Lakin qış fəslində olan problemlər yayda olmur”.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.