Həkim olmaq istəyirsənsə...

Həkim olmaq istəyirsənsə...

Həkim olmağa qərar verən gənclərə çatdırmaq istədiyim fikirlər yetərli qədərdir. Gecəni gündüzə qatıb orta məktəbi bitirən, sonra həyatının 10-15 ilini peşənin sirlərinə yiyələnməyi arzu edənlərə deməli sözüm çoxdur. Bu səbəbdən öz təcrübəmi gənc dostlarımla bölüşmək istədim.

Bir həkim olmaq istəsən, yanı ağlından tibb təhsili almaq keçsə:

Mütləq cərrahla görüş - hər əməliyyata qərar vermədən öncə nə qədər saf-çürük etdiyini, onun maketini xəyalında necə qurduğunu, hər pasiyentə nə qədər zəhmət çəkdiyini və müsbət yekun zamanı nə qədər sevindiyini anlamaq üçün.

Mütləq bir anestezioloq-reanimotoloqla söhbət et - hər dərman dozasını ağlından keçirdiyi zaman neçə dəfə yaddaşına şübhə ilə yanaşdığını, ümid gözləyən xəstə və yaxınlarının baxışları önündə nə qədər əziyyət çəkdiyini, hər ekstubasiyadan sonra - "bundan da belə qurtulduq" deyə düşündüyünü təxmin etdiyini anlamaq üçün.

Mütləq bir terapevtlə fikir mübadiləsi apar -  Həlli tapılmayan kliniki "tapmacalar", uyğun gəlməyən laborator nəticələr, natamam anamnez və bu kimi durumlar zamanı qərar qəbulunun nə qədər məsuliyyətli olduğunu təsəvvür et.

Mütləq patohistoloq və məhkəmə-tibb eksperti ilə həmsöhbət ol -  bəzən klinikadakı vəziyyət ilə reallıq arasında böyük fərqlilik yaranır. Bu halda veriləcək rəy ola bilər tibb elminə belə uyğun görünməsin. "Vay" o günə ki, kliniki diaqnozla patohistoloji diaqnoz arasında fərq yarana.

Mütləq bir laborator və radioloq mütəxəssislərdən soruş  - Niyə hərdən sizin verdiyiniz qərarla, klinik həkimin diaqnozu arasında təzad var?  Soruş ki, bəs "şübhəli durumlarda necə olur ki, siz məhz bu fikri dəstəkləyirsiniz". Təsəvvür et, bu mütəxəssislər atdığı hər imza ilə müalicə taktikasını və nəticəsini müəyyən etmiş olurlar.

Həkimin bəzən nə istirahəti, nə yeməyi, nə valideyni, nə ailəsi, nə övladı pasiyent qədər vacib olmur. Yalnız bunları təsəvvür və qəbul etdikdən sonra həkim olmaq üçün sənədləri müvafiq qrupa ver. Bu "bir az" çətin işdir.

Əziz dost, həkim yükünü daşımağa hazırsansa, yolun açıq olsun.

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.