Avtomobilin pəncərəsindən hərəkət zolağına uçan obyektlər

Avtomobilin pəncərəsindən hərəkət zolağına uçan obyektlər

Böyük əksəriyyətimiz “Uçan naməlum obyektlər”(UNO) barədə eşitmişik. Adətən, bu kateqoriyaya fiziki cəhətdən əsaslandırılması mümkün olmayan, havada hərəkətdə olan və hərəkət trayektoriyası təxmin edilməyən obyektlər ayırd edilir.

Lakin, bunlarla bərabər mənşəyi məlum olan obyektlər də az deyil. Dəfələrlə qarşıda hərəkət edən nəqliyyat vasitəsindən tullantıların birbaşa hərəkət zolağına atıldığının şahidi oluruq. Bu kimi tullantılar ətraf mühitin çirklənməsi ilə bərabər, eyni zamanda yol hərəkəti iştirakçılarına xəsarət və ya ciddi maneə törədə bilir. Çox təəssüf olsun ki, tullantı qismində nəinki orqanik, yəni yeyinti, içki qalıqları və sair, eyni zamanda sintetik mənşəli məhsullar da olur.

Bir qida tullantısı təbiətdə 15-20 günə parçalandığı halda, plastik qabın tam dağılmasına əsrlər tələb olunur. Bu baxımdan rəngli metaldan olan  və ya alüminium qablar daha təhlükəlidir, çünki bu gün bizim atdığımız o qabın tam parçalandığını kötükcəmiz belə görməyə bilər. Tullantını atan vətəndaşa çox bəsit görünən bu hərəkət ətraf mühitə vurulan ziyandan əlavə, küçələrin təmizliyini təmin edən və adətən yaşlı qadınlarla təmsil olunan işçilərə qarşı hörmətsizlikdir. Halbuki, onlar da bizim, eyni millətin nümayəndəsi olmaqla yanaşı qohumlarımız, qonşularımızdır.

Yolun hərəkət hissəsinin təmizliyi ayrıca olaraq qanunvericiliklə də qorunur və bu kimi hərəkətlərin cəza mexanizmi var. Amma, biz, vətəndaş cəmiyyəti olaraq bu neqativizmə qarşı çıxmadığımız halda, baş vermiş hadisələrin acı bəhrəsini özümüz, yaxınlarımız, övladlarımız və gələcək nəsillər çəkəcək.

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.