“Gigiyenik çöplərlə qulağa müdaxilə yolverilməzdir” – həkim rəyi

“Gigiyenik çöplərlə qulağa müdaxilə yolverilməzdir” – həkim rəyi

Bir çox insan qulaqda toplanan kiri gigiyenik çöplərin köməyi ilə kənarlaşdırır. Xalq arasında bu vasitəyə “qulaq çöpləri” də deyilir. Halbuki istehsalçı şirkətlər belə bir işi məsləhət bilmirlər. Gigiyenik çöplər qulaq təmizləmək üçün yox, digər kosmetik işləri görmək üçün istehsal olunur. Amma oturuşmuş adətdən yaxa qurtarmaq olduqca çətindir.

BAKU.WS saytı mövzu ilə bağlı həkim və psixoloqun rəyini öyrənib.

Qulaq, burun, boğaz və baş-boyun cərrahı Elnur Əkbərov qulağa hər hansı vasitə ilə müdaxilənin yolverilməz olduğunu bildirib: “Xarici qulaq keçəcəyinin dərisi olduqca nazik struktura malik olduğundan zədələnmə ehtimalı çox yüksəkdir. Qulaq pərdəsinin zədələnməsi də baş verə bilər. Bu durum xarici qulaq keçəcəyinin, təbil pərdəsinin infeksiyasına, iltihabına, orta qulaq iltihabına yol aça bilər. Əgər bir qulaq kiri tıxacı yaranıbsa, xarici qulaq keçəcəyinə daxil edilmiş gigiyenik pambıqlı çöp tıxacı təbil pərdəsinə doğru hərəkət etdirərək içəri itələyir. Bu da konduktiv ağır eşitməyə səbəb ola bilər.

Gigiyenik çöplər gigiyenik vasitədir. Ölçüsü etibarı ilə xarici qulaq keçəcəyindən keçməsinə baxmayaraq əsas təyinatı bu deyil. Ümumiyyətlə, işin mütəxəssisi olmayan hər hansı bir şəxsin, bu kimi proseduru icra etməsi qəbuledilməzdir. Bu çöplər nəinki orqanizmdə, həm də hər hansı bir elektron vasitənin təmizlənməsində istifadə edilir”.

Elnur Əkbərov qulaq kirinin antibakterial təsirə malik olduğunu deyir: “Qulaq kiri vəzlərinin əmələ gətirdiyi kir ilk növbədə müdafiə mexanizmi rolu oynayır. Bu kirin tərkibi antibakterial təsirə malikdir. Bir qisim bakteriyaları, mikroorqanizmləri məhv edə bilir. Xarici qulaq keçəcəyinə düşən hər hansı bir toz hissəcikləri kirin üzərinə yapışaraq xaric olunur, yəni özünü təmizləmə qabiliyyətinə malikdir.

Lakin bəzi endokrin pozuntularda, dəri xəstəliklərində, qulaq keçəcəyinə hər hansı bir müdaxilə edən şəxslərdə kirin ifrazı çoxalır. Əslində, kir müəyyən bir miqdarda qulaq keçəcəyində olmalıdır. Bəzən sadaladığımız faktorların təsirindən kir çoxalır və tıxac rolunu oynayır. Bu da səs dalğalarının qulaq pərdəsinə ötürülməsinə maneə törədərək eşitmə zəifliyinə gətirib çıxara bilir.

Belə bir problem yaşanan insanlarda təbil pərdəsi tamdırsa, hər hansı iltihabı proses yoxdursa, xarici qulaq keçəcəyinə qliserin damcısı və ya 3 faizli hidrogen-peroksid istifadə oluna bilər. Bu halda kir yumşalaraq daha rahat xaric olur. Tıxac özbaşına təmizlənə bilmədiyi halda mütləq həkim müayinəsi və qulaq keçəcəyindəki kir tıxacının xaric edilməsi məsləhətdir”.

Psixoloq Nuriyyə Quliyeva belə ziyanlı vərdişlərin kökündə məlumatsızlığın dayandığını bildirib: “Bu kimi vərdişlərin zərərli olduğunu bəzi insanlara deyəndə, açığı, buna inanmırlar. Bəzən bildikləri halda belə istifadəyə davam edirlər. Artıq adət halını alıb deyə. 

İlk səbəb insanların məlumatsız olmasıdır. Uşağın qulağını bu çöplə təmizləyən  valideyn çox zaman “niyə olmaz” deyərək təəccüblənir. Pediatr daha çox uşaqla işlədiyi üçün, valideynə ilk məlumatı o, verməlidir. Ümumiyyətlə, həkim məsləhətini vaxtında dinləmək lazımdır. Onda belə problem yaranmaz. İstənilən LOR, müraciət edildikdə, məlumatı təsdiqləyər.

Digər səbəb isə kütlə psixologiyasıdır. Xarakteri zəif olan insan tez təsir atına düşür, bu kimi vərdişləri kimdənsə nümunə olaraq götürə bilir. İnsan koka-kola içmək, siqaret çəkmək kimi vərdişlərin zərərli olduğunu bilir, amma yenə də əl çəkmək istəmir. Kütlə psixologiyasına uyğun hərəkət edilir. Kimdənsə soruşanda deyir, siqaretdən ya da koka-koladan heç kim ölməyib. Əslində, təsiri birbaşa görmədiyi üçün insan belə vərdişlərdən uzaqlaşa bilmir. Anında nəticə bilinsəydi, onda insanlar daha çox inanardı və uzaqlaşardı”.

Psixoloq vərdişlərin formalaşmasında mühitin də rolunun böyük olduğunu qeyd edib: “Zərərli vərdişlər birdən yaranmır, mühitin rolu çox yüksəkdir. Ailədə, ətrafda gördüyü nümunələr həmin şəxsdə ziyanlı vərdiş formalaşdırır. Bunu uşaqlar nümunə kimi götürürlər. Valideyn özü edir, amma uşağına bildirir ki, bu zərərlidir, uzaq dur. Uşaq canlı nümunəni qarşısında gördüyü üçün ona daha tez təsir edir. Ailədə belə şəxs varsa, ziyanlı vərdişdən əl çəkməlidir, əgər alınmırsa, uşağın yanında etməməlidir.

Cəmiyyətdə maarifləndirməyə də  ehtiyac duyulur. Həkimlər, mətbuat və ictimai qurumlar bu barədə informasiya paylaşmalıdırlar”.

Digər mənbə: median.az

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.