Ev şəraitində boğaz silmək adəti

Ev şəraitində boğaz silmək adəti

Adətən angina, faringit zamanı el arasında boğazı silmək adəti var. Uşağı həkim yanına aparmaqdansa, daha çox analar əl altda olan vasitələrin köməyi ilə boğazı silirlər. Boğazda ağrı, bədəndə isə temperaturun yüksəlməsi müşahidə olunursa, bu artıq bir siqnal rolunu oynayır. Damaq badamcıqlarındakı lakunalarda, yəni çökəkliklərdə küllü miqdarda infeksiya, müxtəlif qida qalıqları toplanır. Badamcıqlar təmizlənməsə, nəticədə xəstəlik daha ağır formada özünü təzahür edə bilər.

Uşağı xəstələnən valideyn hər hansı bir uzun alətin üzərinə pambıq dolayır, sonra lyuqol, yod, soda, furasilin kimi vasitələrə batırıb lakunada toplanmış çirki və infeksiyanı kənarlaşdırmağa çalışır. Bəzən bunun köməyi olur, əgər bunu edən şəxsin hər hansı bir səriştəsi və ya tibbi savadı olsa. Amma insanların çoxu hətta ev şəraitində belə boğazı düzgün silməyi bacarmır. Bu metodun fəsadı az deyil, uşağın badamcıqlarını zədələmək olar.

Əgər həkim yanına getmək istəmirsinizsə, ən azı daha təhlükəsiz yollardan istifadə etmək olar. Boğazı silməkdənsə, qarqara etmək məsləhətdir.

Ümumiyyətlə hər hansı bir orqana müdaxilə etmək, özü də qeyri-peşəkar yolla, düzgün deyil. Baş verə biləcək fəsadlar arasında udlaqdan, damaq badamcıqlarından, yumşaq damaqdan qanaxma ehtimalıdır. Əlavə olaraq zədələnmiş selikli qişaya hər hansı bir infeksiyanın düşməsi mümkündür. Bu halda mövcud problem daha fəsadlı duruma çevrilə bilər. Bu məntiqlə ev şəraitində boğaz silmək  əks göstərişdir. Amma həkim bu proseduru xüsusi dərman və tibbi alətlərin vasitəsilə müəyyən durumlarda icra edə bilər.

Lakunanı tam təmizləmək ev şəraitində mümkünsüzdür. Stasionar şəraitdə həkim boğazdakı infeksiya mənbəyini qırtlağı, badamcıqları zədələmədən kənarlaşdırır. Ev şəraitində reallaşan yarımçıq prosedurlar angina və soyuqdəymənin qış-yaz mövsümündə təkrarlanmasına zəmin yaradır. Müalicəni həkim nəzarəti altında reallaşdırmaq gələcəkdə mümkün ola biləcək xəstəlikləri qabaqlamağa şərait yaradır.

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.