Boyunda şişkinliyin 6 səbəbi: çox zaman qiyabi məsləhətlə həll oluna bilmir

Boyunda şişkinliyin 6 səbəbi: çox zaman qiyabi məsləhətlə həll oluna bilmir

Boyunda şişkinlik olduqca qarışıq, araşdırılması bəzən uzun zaman aparan təzahürdür. Uşaq və böyüklər arasında bu hala eyni dərəcədə rast gəlinsə də, şişkinliyin səbəbi böyük müxtəliflik göstərir. İlkin araşdırma mütəxəssisin fiziki müayinəsi ilə başlayır. Bu mərhələdə şişkinliyin hansı orqandan qaynaqlandığı təxmini yaranır.

Növbəti addım, törəmənin radioloji görüntüləməsidir. Bu addım, rentgenoloji müayinə, ultrasəs müayinəsi, kompüter və ya maqnit rezonans tomoqrafiyalar vasitəsilə həyata keçirilir.

1. Limfa düyünlərinin böyüməsi

Uşaq yaşlarına ən çox təsadüf edən şişkinlik səbəbi - limfa düyünlərinin böyüməsidir.  Limfadenopatiya adlanır. Boyun, orqanizmin limfa düyünləri ilə ən zəngin olan nahiyəsidir. Boyun limfa düyünləri adətən baş və boyun bölgəsinin iltihabi durumunda böyüyür. Üst tənəffüs yolları infeksiyaları, haymorit, rinit, sinusitlər, üzdə irinli dəri xəstəlikləri, göz və gözyaşı aparatının iltihabı xəstəlikləri də buna səbəbə ola bilər. Fiziki müayinə mərhələsində bir neçə mütəxəssisin iştirakı bəzən mütləqdir. İltihab mənşəli limfadenopatiyalar əksər halda əsas xəstəliyin müalicəsi ilə tam sovrulur.

2. Qalxanvari vəzin xəstəlikləri

Boyun orta xəttində şişkinlik, tənəffüs darlığı, boğazda yad cisim hissi və sair kimi hallar qalxanvari vəzin xəstəlikləri zamanı da izlənir. Bu qrup xəstəliklərdən ən çox tiroiditlər və qalxanvari vəzin müxtəlif mənşəli şişlərinə rast gəlinir. Qalxanvari vəz törəmələrinin müalicəsi əksər halda cərrahi yolla icra olunur. Əməliyyat tiroidektomiya adlanır.

3. Tüpürcək vəzlərinin iltihabı

Boyunda şişkinliyin üçüncü ən çox rast gəlinən səbəbindən biri adətən tüpürcək vəzlərinin iltihabına bağlıdır. Tüpürcək vəzləri, qulaqətrafı, çənəaltı və dilaltı olaraq bilinir. Bu vəzilərin iltihabına adenit deyilir. Bəzən, bu vəzilərin axarında və ya toxumasında kristallar yığılaraq daş konqlomeratları əmələ gətirə bilir. Nəticədə, tüpürcək durğunluğu yaranır ki, bu da vəz toxumasında iltihaba şərait yaradır. Patologiyanın növündən və mərhələsindən asılı olaraq müalicə üsulu seçilir.

4. Boyun orta və yan kistaları

Boyun şişkinlikləri sırasında boyun orta və yan kistaları da yer alır. Hər iki hal anadangəlmə patologiya olsa da, adətən 20 yaşlarında rast gəlinir. Müalicə metodu birmənalı cərrahi müdaxilədir.

5. Yenitörəmələr

Boyunda şişkinliyə səbəb ola biləcək bir digər patologiya - yenitörəmələrdir. Yenitörəmələr, mənşəyinə görə qırtlaqdan, udlaqdan, qalxanvari vəzdən, sinirlərdən, damarlardan və sairdən inkişaf edə bilər. Əlavə olaraq əsasən bədxassəli törəmələr zamanı regional və uzaq limfa düyünlərinə metastazlar izlənir.

6. Boyun əzələlərinin iltihabı -miozit, travmalar - hemangioma, hematoma zamanı

Nisbətən daha az hallarda boyunda şişkinlik, boyun əzələlərinin iltihabı -miozit, travmalar - hemangioma, hematoma zamanı müşahidə olunur ki, müalicə taktikası patologiyanın gedişatına və kliniki təzahürlərə bağlıdır.

Göründüyü kimi, boyunda şişkinlik problemi bir sıra patologiyaya bağlıdır və çox zaman qiyabi məsləhətlə həll oluna bilmir.

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.